BAKI, AzerVoice
Londonun Hitrou hava limanı ərazidəki elektrik yarımstansiyasında baş verən yanğın və ardınca yaranan enerji fasiləsi səbəbindən bu gün gecə yarısına qədər fəaliyyətini dayandırıb.
AzerVoice xəbər verir ki, hava limanının rəsmi açıqlamasına görə, elektrik transformator mərkəzində baş verən hadisə nəticəsində ciddi enerji kəsintisi yaşanıb. Bununla əlaqədar sərnişinlərin və hava limanı əməkdaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə Hitrou 21 mart saat 23:59-a qədər bağlı qalacaq.
Hava limanı rəhbərliyi bütün sərnişinlərə səfərlərini təxirə salmağı və alternativ marşrutlardan istifadə etməyi tövsiyə edib. Sərnişinlərə biletlərini aviaşirkətlər vasitəsilə yenidən planlaşdırmaları tövsiyə olunur.
Hitrou hava limanının bağlanması Londonun qərbində yerləşən elektrik yarımstansiyasında baş verən yanğından sonra baş verib. Hadisə nəticəsində bölgədə bir çox ev işıqsız qalıb. Hazırda elektrik təchizatının bərpası üçün intensiv işlər aparılır.
Qeyd edək ki, Hitrou hava limanı Avropanın ən işlək hava limanlarından biri hesab olunur və bu cür fövqəladə hallar hava nəqliyyatında ciddi gecikmələrə səbəb ola bilər.