BAKI,AzerVoice
Kanada hökuməti Birləşmiş Millətlər Təşkilatı (BMT), Dünya Bankı, Qırmızı Xaç və digər humanitar təşkilatlara Qəzza və İordan çayının qərb sahilinə yardım çatdırmaq üçün 99 milyon dollardan çox maliyyə ayıracağını açıqlayıb.
AzerVoice xəbər verir ki, Kanada Xarici İşlər Nazirliyinin yaydığı rəsmi bəyanatda, Qəzzada 2 milyondan çox insanın təcili humanitar yardıma ehtiyacı olduğu və İordan çayının qərb sahilində zorakılığın artması səbəbindən minlərlə insanın didərgin düşdüyü vurğulanıb.
Kanadanın xarici işlər naziri Melani Coli bildirib ki, ayrılan vəsait sağlamlıq, ərzaq, sığınacaq, təhlükəsizlik, iqtisadi dirçəliş və sosial dayanıqlığın gücləndirilməsi kimi əsas sahələrdə istifadə olunacaq.
Bəyanatda bölgədəki humanitar vəziyyətin dayanıqlı olmadığı qeyd olunub və yardımların maneəsiz çatdırılmasının vacibliyi vurğulanıb. Eyni zamanda, Kanadanın münaqişəyə son qoyulması, atəşkəsin bərqərar edilməsi və iki dövlətli həll prosesinə dəstək verməyə hazır olduğu bildirilib.