Bakı, AzerVoice
ABŞ, İran neftini alan və emal edən neft emalı zavodunu, o cümlədən İran neftini daşıyan 19 şirkəti sanksiya siyahısına əlavə edib.
AzerVoice xəbər verir ki, bu barədə ABŞ Xəzinə Nazirliyi məlumat verib.
Məlumata əsasən, İranın yüz milyardlarla dollar dəyərində xam neftini alan və emal edən Çinin "teapot" neft emalı zavodunun və onun rəhbərinin sanksiya siyahısına daxil edildiyi bildirilib.
Bu zavodun, Husilər və İran Müdafiə Nazirliyi ilə əlaqəli olan və İran neftini daşıyan bəzi gəmilərindən neft aldığı qeyd edilib.
Eyni zamanda, İran neftini daşıyan 19 şirkət və gəminin də sanksiya siyahısına əlavə edildiyi bildirilib.
ABŞ xəzinə naziri Skott Bessent, "teapot" neft emalı zavodunun İran neftini almasının İran rejimi üçün böyük əhəmiyyət daşıdığını bildirib.
"ABŞ, Tehranın terrorizmi maliyyələşdirməsinə və nüvə proqramını inkişaf etdirməsinə imkan verən gəlir axınlarını kəsməyə qərarlıdır",- deyə Bessent qeyd edib.