BAKI,AzerVoice
Kremlin sözçüsü Dmitri Peskov, Rusiya ilə ABŞ arasında ekspertlər səviyyəsində danışıqların gələn həftənin əvvəlində baş tutacağına ümid etdiklərini bildirib.
AzerVoice xəbər verir ki, Peskov,
Moskvada jurnalistlərə verdiyi açıqlamada Kremlin xarici siyasət
müşaviri Yuri Uşakov və ABŞ Milli Təhlükəsizlik müşaviri Mayk Vals
arasında telefon danışığının baş tutduğunu qeyd edib.
O, Rusiya və ABŞ prezidentlərinin də danışıqlara ehtiyac olduğunu
vurğuladığını bildirərərək, "Hazırda yekun detallar üzərində iş
gedir. Danışıqlar bazar günü deyil, gələn həftənin əvvəlində baş
tuta bilər." - deyə bildirib.
Görüşdə əsas müzakirə mövzularının Ukrayna böhranının həlli və Qara dənizdə gəmilərin təhlükəsizliyi məsələləri olacağı gözlənilir. Lakin Peskov danışıqlarda Rusiyanı kimin təmsil edəcəyi barədə məlumat verməyib.
Avropa İttifaqının (Aİ) Ukrayna siyasətini tənqid edən Peskov, Brüsselin Avropanı hərbiləşdirməyi planlaşdırdığını iddia edərək, "Bu, Rusiya və ABŞ prezidentlərinin Ukrayna böhranını sülh yolu ilə həll etmək cəhdləri ilə uyğun gəlmir. Avropa artıq özünü hərbiləşdirir və müharibə tərəfinə keçib." - deyə bildirib.
Aİ liderləri Brüsseldə keçirdikləri son sammitdə müdafiə xərclərinin artırılması və Ukraynaya əlavə hərbi yardımların ayrılması məsələsini müzakirə ediblər.
Türkiyədə baş verən etirazlara münasibət bildirən Kremlin sözçüsü, Rusiyanın başqa ölkələrin daxili işlərinə qarışmadığını da vurğulayıb.
O, həmçinin Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfər edəcəyi barədə xəbərləri təsdiqləyib, lakin dəqiq tarixlə bağlı hələlik qərar verilmədiyini bildirib.
Gələn həftə Rusiya və ABŞ arasında ekspertlər səviyyəsində baş tutacaq danışıqlar, Ukrayna böhranının həlli və Qara dənizdə təhlükəsizlik məsələlərinə dair mövqeləri aydınlaşdırmaq baxımından əhəmiyyətli olacaq. Bununla yanaşı, Rusiya Aİ-nin hərbi strategiyalarına qarşı çıxır və Qərbin Ukraynaya dəstəyini müharibəni uzadan faktor kimi qiymətləndirir.