BAKI, AzerVoice
Son illərdə Avropada irqçilik, anti-immiqrant siyasətlər və islamofobiya sürətlə artmaqdadır, xüsusilə Fransa, İngiltərə, Hollandiya və Bosniya və Herseqovina kimi ölkələrdə irqçi hücumlar və nifrət ritorikası ciddi narahatlıq doğurur.
AzerVoice xəbər verir ki,
Fransa Daxili İşlər Nazirliyinin 2024-cü il
hesabatına görə, ölkədə 16 min irqçilik və din əleyhinə cinayət
qeydə alınıb.
Bu, 2023-cü illə müqayisədə 11% artım deməkdir.
İrqçi hücumların əksəriyyəti Afrika əsilli şəxslərə qarşı törədilib. Paytaxt Parisdə bu cinayətlərin ölkə üzrə orta göstəricidən 3-4 dəfə daha yüksək olduğu bildirilir. Müsəlmanlara qarşı hücumlar da artıb: məscidlərin fasadlarına irqçi ifadələr yazılır, hicablı qadınlara hücum edilir.
İngiltərədə 2023-2024-cü illərdə irqçi nifrət cinayətlərinin 70%-ni irqçi hücumlar təşkil edib. Ümumilikdə 140,561 nifrət cinayətindən 98,799-u irqçi motivlidir.
Tell MAMA təşkilatının məlumatına görə, 1029 nəfər müsəlman olduğu üçün hücuma məruz qalıb. Bunlardan 53%-i hicablı qadınlar, 30%-i saqqallı kişilər, 3%-i isə baş örtüyü taxan şəxslərdir.
İngiltərədə xüsusilə Cənubi Asiyalılar, ərəblər və qaradərililər sağçı ekstremistlərin hədəfindədir.
Hollandiya irqçi diskriminasiyanın ən çox hiss olunduğu Avropa ölkəsidir. Avropa Komissiyasının məlumatına görə, Hollandiyada insanların 82%-i etnik mənşəyi səbəbilə ayrı-seçkiliyə məruz qaldığını bildirir.
2023-cü ildə hər 10 nəfərdən biri irqçiliyin qurbanı olub. Xüsusilə Mərakeş əsilli siyasətçilər hədəf alınır.
Ölkənin yaxın tarixində ən böyük irqçi qalmaqallardan biri “Uşaq Baxımı Müavinəti Skandalı”dır. 2015-2022-ci illər arasında 2,090 uşaq irqçi təcrübələrə görə ailəsindən ayrılıb və bu, hökumətin istefası ilə nəticələnib.
Bosniya və Herseqovinada Serb Respublikası (RS) prezidenti Milorad Dodik ölkənin suverenliyini tanımadığını bildirərək paralel dövlət strukturları yaratmağa çalışır.
1992-1995-ci illər müharibəsindən sonra bölgədə müsəlmanlara qarşı nifrət ritorikası və məscidlərə hücumlar davam edir.
Avropada irqçi hücumlar və nifrət ritorikası həm cəmiyyətlər arasında gərginliyi artırır, həm də insan haqları sahəsində ciddi problemlərə yol açır. Hökumətlər bu problemlərə qarşı daha sərt tədbirlər görməsə, vəziyyət daha da pisləşə bilər.