BAKI, AzerVoice
İspaniya Meteorologiya İnstitutu (AEMET) ölkənin şimalında, xüsusilə Qalisiya və Kantabriya bölgələrində güclü yağış və tufan səbəbindən xəbərdarlıq edib.
AzerVoice xəbər verir ki, Martinho
adlı fırtına ilə əlaqədar təhlükə səviyyəsi artırılıb.
AEMET-in məlumatına görə, küləyin sürəti bəzi bölgələrdə saatda 140
km-ə çatıb, Qalisiyada dəniz dalğalarının hündürlüyü 7 metri keçib.
Şiddətli küləklər ağacların aşmasına, dam örtüklərinin uçmasına və
nəqliyyatın iflic olmasına səbəb olub.
Madrid və digər bölgələrdə fövqəladə tədbirlər görülüb. Manzanares çayının daşma riski səbəbindən paytaxtda 400 nəfər təxliyə edilib. Şimala gedən A-6 avtomobil yolu və bəzi dairəvi yollar qismən bağlanıb. Bilbaodakı Loiu hava limanında bir çox uçuş ləğv edilib. Afrikadan gələn sıx toz buludu Madridin hava çirkliliyini artırıb, astma və tənəffüs problemi olanlara xəbərdarlıq edilib.
Qeyd edək ki, son üç həftədə İspaniyada yağan güclü yağışlar nəticəsində iki nəfər həyatını itirib. Mütəxəssislər mart ayında ölkədə yağış rekordlarının qırılacağını, lakin baharın normaldan daha isti keçəcəyini proqnozlaşdırırlar.