BAKI,AzerVoice
Everest zirvəsinə qalxan alpinistlər üçün ağır yüklər daşıyan bələdçilər artıq dronlardan istifadə edərək bu prosesi daha asan və təhlükəsiz şəkildə həyata keçirə biləcəklər.
AzerVoice xəbər verir ki, gələn ay
Everest dırmanış mövsümünün başlanması ilə ekspedisiya şirkətləri
yüksək hündürlüklərdə təxminən 16 kiloqram yük daşıya bilən
pilotsuz uçuş aparatlarını sınaqdan keçirəcək.
Yeni texnologiya sayəsində əsas düşərgədən 1-ci düşərgəyə piyada
daşınması normalda 7 saat çəkən yüklər dronlar vasitəsilə cəmi 15
dəqiqəyə çatdırıla biləcək.
Dron operatorları bildirirlər ki, bu texnologiya bələdçilərin iş yükünü azaltmaqla yanaşı, iqlim dəyişikliyi səbəbindən qar əriməsi ilə artan qəzaların qarşısını almağa da kömək edə bilər. Everestdə tırmanış zamanı hava şəraiti və fiziki yorğunluq insan faktorundan qaynaqlanan riskləri artırır.
Təxminən bir ildir ki, operatorlar Çin istehsalı olan iki pilotsuz uçuş aparatı ilə sınaqlar aparır. Bu dronlar dırmanış zamanı lazımi avadanlıq və təchizatı daşımaqla yanaşı, çətin şəraitdə xilasetmə əməliyyatlarında da istifadə oluna bilər.
Qeyd edək ki, dron texnologiyasının ilkin maliyyə xərcləri yüksək olsa da, uzunmüddətli perspektivdə ekspedisiya şirkətləri üçün xərcləri azaldacağı və Everestdə tırmanışın təhlükəsizliyini artıracağı proqnozlaşdırılır.