Bakı, AzerVoice
İran, ABŞ administrasiyası ilə danışıqlar masasına oturmadan əvvəl iqtisadi mənfəətlərinin təmin olunmasını şərt qoyub.
AzerVoice xəbər verir ki, İran eyni zamanda, ABŞ prezidenti Donald Trampın mesajına cavab hazırladığını bildirib.
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib ki, Tramp öz şərtlərini zorla tətbiq etmək istəyir, sonra da İranın qəbul etməyəcəyi danışıqlar masası arxasında oturmaq istəyir.
Qalibaf əlavə edib ki, İran nüvə sazişi çərçivəsində beş ölkə ilə diplomatik səylər vasitəsilə sanksiyaları aradan qaldırmaq üçün danışıqları davam etdirəcək.
Qeyd edək ki, daha öncə ABŞ prezidenti Donald Tramp İran rəhbərliyinə mesaj göndərdiyini və nüvə məsələsi üzrə danışıqlar aparılmadığı təqdirdə mümkün hərbi əməliyyatla üzləşəcəkləri barədə xəbərdarlıq etdiyini açıqlamışdı.
Trampın mesajı Oman vasitəsilə İranın ali rəhbəri Əli Xameneiyə çatdırılıb. Lakin Xamenei ABŞ-la danışıqlar aparılmayacağını bildirib və qeyd edib ki, belə bir dialoq sanksiyaların aradan qaldırılmasına yox, onların daha da sərtləşdirilməsinə səbəb olacaq.
İran BMT Təhlükəsizlik Şurasına müraciət edərək, Tramp və digər ABŞ rəsmilərinin təhqiramiz və təxribat xarakterli açıqlamalar verdiyini və İranı əsassız ittihamlarla günahlandıraraq güc tətbiqi ilə hədələdiyini bildirib.
Tramp isə İranı Husilər tərəfindən həyata keçiriləcək hər hansı bir hücuma görə məsuliyyət daşımaqda ittiham edib və bunun ağır nəticələri olacağını bildirib.