BAKI,AzerVoice
Kanadanın baş naziri Mark Karni, ilk rəsmi xarici səfəri çərçivəsində Böyük Britaniya və Fransa liderləri ilə görüşüb.
AzerVoice xəbər verir ki,Kanadanın baş naziri Londonda Böyük Britaniya Kralı III Karl tərəfindən qəbul edilib.
Səfəri çərçivəsində Mark Karni həmçinin kanadlı əsgərlərin Arktika sərhədindəki mövqelərini yoxlayacaq, beləliklə ölkənin təhlükəsizliyini və suverenliyini bir daha təsdiqləyəcək.
Karni ilk xarici səfəri üçün Kanadanın tarixi formalaşmasında mühüm rol oynamış iki Avropa paytaxtını seçib. Baş nazir andiçmə mərasimində Kanadanın fransızlar, ingilislər və yerli xalqların birgə qurduğu bir ölkə olduğunu vurğulayıb.
"Kanada prinsipcə ABŞ-dan fərqlidir və heç vaxt, heç bir formada Birləşmiş Ştatların bir hissəsi olmayacaq",- deyə o bildirib.
Karni, həmçinin, "Kanadanın Avropa xaricindəki Avropa ölkəsi olduğunu" və Fransa və bütün Avropanın Kanada ilə həvəslə əməkdaşlıq etməsini təmin etmək istədiyini bildirib. Bununla yanaşı, ABŞ ilə münasibətləri qorumağa sadiq olduğunu qeyd edib.
Baş nazir Trampın administrasiyası ilə ticarət və təhlükəsizlik məsələləri üzrə daha geniş müzakirələr aparmağa hazır olana qədər ABŞ-la danışıqlar aparmayacağını bildirib.
"ABŞ bu mövzuları ciddi müzakirə etməyə hazır olduqda, biz də dialoqa açıq olacağıq",- deyə Karni vurğulayıb.