BAKI, AzerVoice
İngiltərə Xarici İşlər Naziri David Lammy İsrailin 15 gündür Qəzzaya yardımların girişinə mane olduğunu bildirərək bunun beynəlxalq hüququn pozulması olduğunu vurğulayıb.
AzerVoice xəbər verir ki, Lammy
Britaniya Parlamentinin İcmalar Palatasında çıxışı zamanı Kanadada
keçirilən G7 Xarici İşlər Nazirləri Toplantısını şərh edib.
O, toplantıda həm Ukraynaya dəstəyin, həm də Qəzzadakı humanitar
vəziyyətin müzakirə edildiyini bildirib.
Nazirin sözlərinə görə, G7 ölkələri Ukraynanın azadlığı uğrunda mübarizəsinə tam dəstək verməkdə həmfikirdir. O, Rusiya prezidenti Vladimir Putinə atəşkəs elan etməklə bağlı xəbərdarlıq edərək, Moskvanın sülh danışıqlarına ciddi yanaşmadığını qeyd edib. Lammy bildirib ki, əgər Rusiya atəşkəsdən imtina edərsə, G7 ölkələrinin yeni sanksiya mexanizmləri və alternativ planları var.
Qəzzaya humanitar yardımların qarşısının alınmasını "qəbuledilməz" adlandıran Lammy, İsrail hökumətini bu mövqeyini dəyişməyə çağırıb. "Humanitar yardımdan siyasi alət kimi istifadə edilməməlidir". O əlavə edib ki, yardımın olmaması həm beynəlxalq hüquqa, həm də insani dəyərlərə ziddir. - deyə o bildirib.
Qeyd edək ki, G7 toplantısında həmçinin Rusiyanın enerji və müdafiə sektorlarına qarşı yeni sanksiyalar, eləcə də Suriyadakı keçid prosesinin əhatəli olması məsələləri də müzakirə edilib. Lammy Britaniyanın dondurulmuş Rusiya aktivlərindən Ukraynanın borclarının ödənilməsi üçün istifadə etdiyini də açıqlayıb.