Əsas səhifə » BMT Yəməndə baş verən münaqişədən narahatdır

BMT Yəməndə baş verən münaqişədən narahatdır

Bakı, AzerVoice

Birləşmiş Millətlər Təşkilatı (BMT) ABŞ-ın Yəməndə Husilərin nəzarətindəki bölgələrə qarşı hava hücumlarından narahatdır.

AzerVoice xəbər verir ki, BMT Baş katibi Antonio Quterreş, Yəməndəki son hadisələrdən narahat olduğunu bildirib və bütün hərbi əməliyyatların dərhal dayandırılmasına çağırıb.

"BMT bütün tərəflərin hərbi fəaliyyətlərini tamamilə dayandırmağa çağırır", – deyə Quterreş bəyan edib.

O, daha çox gərginliyin bölgədə sabitliyə və Yəməndəki vəziyyətə ciddi təhlükə yaradacağını vurğulayıb.

Quterreş, beynəlxalq hüquq və humanitar hüquq normalarına hər kəsin riayət etməsinin vacib olduğunu da əlavə edib.

Qeyd edək ki, daha öncə martın 7-i Husilər İsrailə xəbərdarlıq edərək, Qəzzəyə humanitar yardımların girişinə icazə verməsi üçün 4 gün vaxt verdiklərini, əks halda İsrailə qarşı dəniz əməliyyatlarını yenidən başladacaqlarını bəyan etmişdilər.

ABŞ Prezidenti Donald Tramp, 2 gün əvvəl Truth Social platformasında etdiyi paylaşımda ABŞ ordusuna Yəməndəki Husilərə qarşı böyük bir hücum başlatmaq əmri verdiyini açıqlamışdı.

Husilərin lideri Əbdülmalik əl-Husi isə ABŞ-ın yeni hücumunun onların hərbi gücünü daha da artıracağını, gərginliyə eyni şəkildə cavab verəcəklərini bildirmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice