Bakı, AzerVoice
Yəməndəki üsyançı husilərin "Ənsar Allah" husi hərəkatının hücumlarının arxasında İran dayanır.
AzerVoice xəbər verir ki, bu sözlər ABŞ prezidenti Donald Trampın Truth social platformasında verdiyi açıqlamada yer alıb.
O bildirib ki, husilərin yeni hücumları baş verərsə, ABŞ Silahlı Qüvvələri yalnız üsyançılara qarşı zərbələrlə kifayətlənməyəcək.
"Heç kimə özünüzü aldatmağa imkan verməyin! Yəmən xalqının nifrət etdiyi, Yəməndə məskunlaşmış husilər - zalım banditlər və qaniçənlər tərəfindən törədilən yüzlərlə hücumun arxasında İran dayanır və bu hücumlar məhz onun tərəfindən təşkil olunub. Husilərin hər hansı bir hücumu və ya cavab tədbirləri böyük qüvvə ilə qarşılanacaq", – deyə Tramp qeyd edib.
Xatırladaq ki, Tramp dünən Truth Social platformasında verdiyi açıqlamada, Yəməndə husilərə qarşı genişmiqyaslı hərbi əməliyyatın başladığını elan etmişdi.
Bununla yanaşı, Tramp, İranın husilərə verdiyi dəstəyi dayandırmasını tələb etmişdi.
"Husi terrorçularına verilən dəstək dərhal dayandırılmalıdır. ABŞ xalqını təhdid etməyin. Əgər bunu etsəniz, diqqətli olun, çünki Amerika sizi tam məsuliyyətə cəlb edəcək və sizə qarşı heç də yumşaq davranmayacaq",- deyə Tramp qeyd edib.
Həmçinin xatırladaq ki, ABŞ rəsmi olaraq Husiləri terror təşkilatları siyahısına daxil etmişdi.