Bakı, AzerVoice
İsveçrənin Tıçino kantonunda NATO və Aİ-yə qarşı etiraz aksiyası keçirilib.
AzerVoice xəbər verir ki, təxminən 200 nəfərin iştirak etdiyi aksiyada NATO və Avropa İttifaqına (Aİ) qarşı bir sıra nümayişlər təşkil edilib. Aksiyanı İsveçrə Kommunist Partiyası təşkil edib.
Aksiya iştirakçıları, "NATO-ya yox – sülhə bəli" şüarı altında Bellinçona meydanında toplaşıblar. Aksiya iştirakçıları İsveçrənin NATO və Aİ-yə yaxınlaşmasına etirazlarını bildiriblər. İsveçrə Kommunist Partiyasının yaydığı açıqlamaya görə, nümayişə Tıçino kantonundan başqa digər İsveçrə kantonlarından da nümayəndələr qatılıb. Aksiyada Bazel Əmək Partiyası və Sürix, Cenevrə kimi şəhərlərdən gələn İsveçrə Sülh Hərəkatı üzvləri də iştirak edib.
Aksiya iştirakçıları Avropanın getdikcə daha da hərbiləşdirildiyini, Aİ-nin demokratiyadan uzaqlaşaraq silahlanma yarışına daxil olduğunu və bunun qlobal müharibə riskini artırdığını bildiriblər.