Bakı, AzerVoice
Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzai "Taliban" hökumətini qızlar üçün məktəbləri və universitetləri yenidən açmağa çağırdı.
AzerVoice xəbər verir bu haqda Kərzainin yaydığı bəyanatda deyilir.
Bəyanatda Kərzai, qızların məktəblərə getməsinin qadağan edilməsindən üç il keçdiyini xatırladıb.
"Təhsil sadəcə bir hüquq deyil; bu, ölkəmizin və xalqımızın rifahı, mövqeyi və davamlılığı üçün zəruri bir təməldir",- deyə o bildirib.
Kərzai xəbərdarlıq edərək, qızların təhsildən məhrum edilməsinin Əfqanıstanın inkişafını əngəllədiyini və bir ailəni ölkədən qaçmağa məcbur etdiyini bildirib.
Xatırladaq ki, "Taliban" 2021-ci ildə hakimiyyətə qayıtdıqdan sonra qızların ibtidai təhsildən sonra məktəbə davam etməsi qadağan edilib. Bu qərar əvvəlcə müvəqqəti tədbir kimi elan edilsə də, hələ də qüvvədədir və ləğv olunmayıb.
Bundan əlavə, Əfqanıstanda qadınlar uzun məsafəli səfərlərdə kişi qohumları olmadan hərəkət edə bilmir və dövlət idarələrindəki əksər vəzifələrdən uzaqlaşdırılıb.
Həmçinin qeyd edək ki, "Taliban" hökuməti hələ də beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb.