Bakı, AzerVoice
Ukrayna prezidenti Volodimir Zelenski ölkədəki münaqişənin həlli istiqamətində aparılacaq növbəti danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini təsdiqləyib.
AzerVoice xəbər verir ki, bu barədə Zelenski sərəncam imzalayıb.
Belə ki, nümayəndə heyətinə Zelenskinin ofisinin rəhbəri Andriy Yermak rəhbərlik edəcək. Heyətdə XİN rəhbəri Andriy Sibiha, Müdafiə naziri Rustem Umerov və Zelenskinin ofis rəhbərinin müavini Pavel Palisa da yer alır. Sənəddə nümayəndə heyətinin Ukraynanın beynəlxalq tərəfdaşları ilə əlaqə yaratmaq və ədalətli sülhə nail olmaq üçün danışıqlar prosesini təmin etmək məqsədilə təşkil olunduğu qeyd edilib.
Eyni zamanda, Yermaka heyətin tərkibində dəyişikliklər aparmaq, əlavə ekspertlər və digər dövlət qurumlarının nümayəndələrini cəlb etmək səlahiyyəti verilib.
Xatırladaq ki, martın 11-də Ciddədə keçirilən görüşdə Ukrayna məhz bu heyətlə ABŞ tərəfi ilə təmsil olunub. Görüşdən sonra tərəflərin birgə bəyanatı yayımlanıb. Bəyanatda Ukraynanın ABŞ-ın 30 günlük atəşkəs təklifini qəbul etməyə hazır olduğu və bunun müqabilində Vaşinqtonun dərhal kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edəcəyi və Kiyevə yardımı davam etdirəcəyi qeyd edilib.
Bundan əlavə, tərəflər kritik əhəmiyyətli mineral resurslarla bağlı hərtərəfli sazişin mümkün qədər tez bağlanmasına razılıq veriblər.