Əsas səhifə » ABŞ-da qısa vaxtda ikinci təyyarə qəzası baş verib

ABŞ-da qısa vaxtda ikinci təyyarə qəzası baş verib

BAKI, AzerVoice

ABŞ-ın Şimali Karolina ştatında şəxsi təyyarə qəzaya uğrayıb, göyərtədə olan iki nəfər həyatını itirib.

AzerVoice xəbər verir ki, Pitt-Qrinvil hava limanı yaxınlığında baş verən qəza yerində insan qalıqları aşkarlanıb və polis hadisə nəticəsində ölənlərin olduğunu təsdiqləyib.

ABŞ Federal Aviasiya İdarəsi (FAA) qəzaya uğrayan təyyarədə iki nəfərin olduğunu bildirib, lakin sağ qalanın olmadığı açıqlanıb. Hadisə səbəbindən North Memorial Drive nəqliyyata bağlanıb. Şahidlər təyyarənin qəfil sürətlə aşağı düşdüyünü desələr də, qəzanın dəqiq səbəbi hələlik məlum deyil.

Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) və FAA rəsmiləri hadisəni araşdırmaq üçün əraziyə göndərilib. Qəzaya uğrayan təyyarənin Beechcraft Bonanza modeli olduğu təsdiqlənib. Bu tək mühərrikli təyyarə şəxsi və kommersiya məqsədləri üçün geniş istifadə edilir.

Qeyd edək ki, Kolorado ştatının Denver Beynəlxalq Hava Limanında American Airlines-a məxsus sərnişin təyyarəsində yanğın baş verib və nəticədə altı nəfər xəstəxanaya yerləşdirilib. Bundan əlavə, Donald Tramp administrasiyası hökumət xərclərini azaltmaq siyasəti çərçivəsində FAA-nın yüzlərlə əməkdaşını, o cümlədən texniki qulluqçuları işdən çıxarıb.

Digər Kateqoriyalar

2025 © Azervoice