Əsas səhifə » G7 ölkələri Rusiyanı yeni sanksiyalarla hədələyiblər

G7 ölkələri Rusiyanı yeni sanksiyalarla hədələyiblər

Bakı, AzerVoice

G7 ölkələri, Moskvanın ABŞ-ın təklif etdiyi atəşkəsə razılıq vermədiyi təqdirdə, Rusiyaya yeni sanksiyalar tətbiq edəcəklər.

AzerVoice xəbər verir ki, bu barədə qrupun xarici işlər nazirlərinin Kanadada keçirilən görüşünün yekunlarına dair bəyanatında deyilir.

“Biz, atəşkəs razılaşdırılmadığı halda, Rusiyaya əlavə xərclər yüklənməsi məsələsini müzakirə etdik. Buraya əlavə sanksiyaların tətbiqi, neftin qiymətinə məhdudiyyətlər qoyulması daxildir”,- deyə bəyanatda bildirilib.

G7 ölkələri, həmçinin, Rusiyanı Ukraynaya əlavə dəstək göstərməklə hədələyiblər.

Bununla yanaşı, G7 ölkələri Rusiyanı qarşılıqlı addım ataraq bərabər şərtlərlə atəşkəsə razılıq verməyə və onu tam həyata keçirməyə çağırıblar. Həmçinin, onlar atəşkəsə nail olunması istiqamətində davam edən səyləri, Ukraynanın atəşkəsə sadiqliyini alqışladıqlarını bildiriblər.

G7 xarici işlər nazirləri, eyni zamanda, öz ölkələrinin Ukraynanın ərazi bütövlüyünü müdafiə etməkdə qətiyyətli dəstəyini təsdiqlədiklərini vurğulayıblar.

Bundan əlavə, G7, atəşkəs rejimi ilə bağlı əldə olunan razılaşmalar çərçivəsində tərəflər arasında etimadın möhkəmləndirilməsi tədbirlərinin vacibliyini qeyd edib. Bu tədbirlərə hərbi əsirlərin və saxlanılan mülki şəxslərin azad edilməsi də daxildir.

Digər Kateqoriyalar

2025 © Azervoice