BAKI, AzerVoice
Kolorado ştatının Denver Beynəlxalq Hava Limanında American Airlines-a məxsus təyyarə enişdən sonra alovlanıb.
AzerVoice xəbər verir ki, sosial mediada yayılan görüntülərdə təyyarənin tüstüyə büründüyü və qanadlardan birində sərnişinlərin kömək gözlədiyi əks olunub.
American Airlines və Federal Aviasiya Administrasiyası (FAA) hadisə ilə bağlı verdiyi açıqlamada, təyyarənin mühərrikində yaranan problemlər səbəbindən təcili eniş üçün Denverə yönləndirildiyini bildirib. Aviaşirkətin məlumatına görə, göyərtədə olan 172 sərnişin və altı ekipaj üzvü sağ-salamat təyyarədən çıxarılıb.
Yerli mənbələrin məlumatına görə, təyyarə Kolorado-Sprinqsdən Texas ştatının Dallas-Fort Uort şəhərinə uçurdu.
Qeyd edək ki, bu insident ABŞ aviasiya sənayesi ilə bağlı artan narahatlıqlar fonunda baş verib. Son zamanlar bir neçə hava qəzası qeydə alınıb və ABŞ prezidenti Donald Tramp aviasiya sektoruna ayrılan dövlət xərclərini azaltmaq istəyini açıqlayıb.