Əsas səhifə » İngiltərə ordusuna 1,3 milyard funt əlavə büdcə ayırdı

İngiltərə ordusuna 1,3 milyard funt əlavə büdcə ayırdı

BAKI,AzerVoice

İngiltərə, azalan ordu heyətini artırmaq və hərbi personalın saxlanması böhranına həll tapmaq məqsədilə ordusuna 1,3 milyard funt əlavə büdcə ayırıb.

AzerVoice xəbər verir ki, İngiltərə Müdafiə Nazirliyi (MoD) ötən ay Silahlı Qüvvələr İşə Qəbul Xidməti (AFRS) adlı yeni bir qurumun yaradıldığını elan edib.

2027-ci ildə fəaliyyətə başlaması planlaşdırılan bu qurum Kral Donanması, İngiltərə Ordusu və Kral Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilən fərdi işə qəbul proqramlarının yerini alacaq.

AFRS-in idarəçiliyi 1,3 milyard funtluq müqavilə çərçivəsində təhlükəsizlik şirkəti Serco-ya həvalə edilib və bu anlaşmanın 2034-cü ilə qədər qüvvədə olacağı bildirilib.

İngiltərə müdafiə naziri Con Heili ordunun qarşılaşdığı "dərin struktur problemlərinin" həm yeni şəxslərin cəlb olunmasını, həm də hazırkı heyətin vəzifəsində qalmasını çətinləşdirdiyini vurğulayıb.

Nazirliyin məlumatına görə, ordu 2023-cü ildə planlaşdırılan işə qəbul hədəfinə çata bilməyib və hər ay yüzlərlə tam ştatlı hərbçinin xidmətdən ayrıldığı bildirilib.

İngiltərə ordusunun heyəti 2024-cü ilin aprel ayına olan məlumata əsasən, işə qəbul planlarından geri qalaraq təxminən 73 min nəfərə düşüb.

Bu, Napoleon müharibələrindən bəri ən aşağı göstərici kimi qeydə alınıb. Kral Donanması, İngiltərə Ordusu və Kral Hərbi Hava Qüvvələri müəyyən edilmiş heyət planlarının hamısından geri qalıb.

Müdafiə Nazirliyinin məlumatına əsasən, 2024-cü ilin iyun ayına qədər olan 12 ay ərzində 15 mindən çox tam ştatlı hərbçi ordudan ayrılıb, lakin cəmi 11 min nəfər işə qəbul olunub.

Bununla belə, 2024-cü ilin oktyabrında dərc olunan məlumatlar işə qəbul olunan heyət sayında əvvəlki ilə nisbətən 18,9% artımın olduğunu, eyni zamanda xidmətdən ayrılanların sayının 7,3% azaldığını göstərib.

Digər Kateqoriyalar

2025 © Azervoice