Bakı,AzerVoice
ABŞ hökuməti immiqrasiya qaydalarını sərtləşdirərək, ölkədə 30
gündən çox qalan Kanada vətəndaşlarının qeydiyyatdan keçməsini və
barmaq izlərini təqdim etməsini məcburi edib.
AzerVoice xəbər verir ki, yeni qaydalar aprelin 11-dən qüvvəyə minəcək və əvvəllər mövcud olan, lakin kanadalılara ardıcıl tətbiq olunmayan qanunun daha sərt icrasını təmin edəcək.
14 yaşdan yuxarı əcnəbilər ABŞ-da 30 gündən çox qaldıqda qeydiyyatdan keçməlidirlər. Lakin Kanada ilə ABŞ arasındakı uzun quru sərhədi səbəbindən bu qayda əvvəllər yumşaq tətbiq edilirdi. ABŞ prezidenti Donald Trampın imzaladığı sərəncamla bu qaydaların sərtləşdirilməsi təsdiqlənib.
Qaydalara əməl etməyən şəxslər cərimə, yüngül cinayət təqibi və hətta həbs cəzası ilə üzləşə bilər.
Bundan əlavə, ABŞ polad və alüminium məhsullarına 25% əlavə gömrük rüsumu tətbiq edib, Kanada isə buna cavab olaraq 30 milyard dollar dəyərində ABŞ məhsullarına əlavə tariflər elan edib.
Bu qərar xüsusilə Florida, Texas və Cənubi Karolina kimi isti ştatlarda qışı keçirən təxminən 900 min kanadalıya təsir edə bilər. ABŞ Daxili Təhlükəsizlik Departamentinin hesablamalarına görə, yeni tələblər 2,2 milyon – 3,2 milyon insanı əhatə edəcək.
İmmiqrasiya üzrə hüquqşünas Rosanna Berardi bildirib ki, bu tələblər əsasən quru sərhədindən ABŞ-a daxil olan və 30 gündən çox qalan Kanada vətəndaşlarına şamil ediləcək. Qısa müddətli turizm və alış-veriş səfərləri bu tələbdən kənarda qalacaq. Lakin ABŞ-da uzunmüddətli iş tapşırıqları olan kanadalılar yeni qeydiyyat prosedurlarına tabe olacaqlar.