BAKI, AzerVoice
Kreml sözçüsü Dmitri Peskov ABŞ-ın Ukraynaya "30 günlük təcili atəşkəs" təklifinə münasibət bildirərək, Moskvanın bu məsələdə tələsmək niyyətində olmadığını və rəsmi Vaşinqtondan əlavə məlumat gözlədiklərini açıqlayıb.
AzerVoice xəbər verir ki, Peskov, Rusiya Prezidenti Vladimir Putinin ABŞ ilə nadir torpaq elementləri sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirdiyini xatırladıb.
"Bu sahədə əməkdaşlıq üçün imkanlar mövcuddur, lakin hələlik heç bir məsləhətləşmə aparılmır", – deyə Kremlin sözçüsü bildirib.
Peskov, ABŞ Prezidenti Donald Tramp və Vladimir Putin arasında mümkün görüşə də toxunub.
"Belə bir ehtiyac yaranarsa, görüş çox sürətli şəkildə təşkil ediləcək. ABŞ ilə mövcud əlaqə kanalları bunu qısa müddət ərzində həyata keçirməyə imkan verir",- deyə o vurğulayıb.
Peskov, yaxın gələcəkdə ABŞ və Rusiya arasında görüşün planlaşdırıldığını təsdiqləsə də, görüşün hansı rəsmi şəxslər arasında keçiriləcəyi ilə bağlı detalları açıqlamayıb.