BAKI,
AzerVoice
HƏMAS-ın sözçüsü Qəzzada atəşkəs danışıqlarının yeni mərhələsinin
bu gün başladığını bildirib.
AzerVoice xəbər verir ki, Hərəkatın
ABŞ nümayəndəsi ilə aparılan görüşlərdə “məsuliyyətli və pozitiv”
davrandığını vurğulayan HƏMAS rəsmisi, prosesin konkret
irəliləyişlə nəticələnəcəyinə ümid etdiklərini açıqlayıb.
HƏMAS sözçüsü Hazem Qassem qeyd edib ki, bu danışıqlar müharibənin başa çatmasına, İsrail qüvvələrinin Qəzzadan çıxmasına və əsirlərin dəyişdirilməsi sazişinin yekunlaşmasına şərait yarada bilər.
Digər HƏMAS sözçüsü Abdellatif əl-Qanu isə İsrailin atəşkəs razılaşmasını pozduğunu iddia edib. Onun sözlərinə görə, bu addımlar beynəlxalq ictimaiyyətin və vasitəçilərin sülhə nail olmaq səylərinə ziddir.
HƏMAS danışıqlar prosesində çeviklik nümayiş etdirdiyini vurğulayaraq, Doha danışıqlarının ikinci mərhələsində müharibəyə son qoymaq və humanitar yardımları bərpa etmək üçün yeni addımlar gözlədiklərini bildirib.
Xatırladaq ki, atəşkəs razılaşmasının ilk mərhələsində 33 girov İsrailə qaytarılmış, İsrail həbsxanalarından isə 1800 fələstinli məhbus azad edilmişdi.
Bu inkişaf fonunda ərəb ölkələri İsrailin Qəzzaya elektrik enerjisini kəsməsini pisləyib. Xüsusilə Səudiyyə Ərəbistanı, Qətər və Küveyt beynəlxalq ictimaiyyəti İsrailin humanitar hüquq pozuntularına qarşı tədbir görməyə çağırıb.
İsrailin bu qərarı Qəzzadakı 600 mindən çox insanın istifadə etdiyi əsas duzsuzlaşdırma qurğusunun fəaliyyətini dayandırıb. Birləşmiş Millətlər Təşkilatı (BMT) bunun ciddi fəsadlara səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Səudiyyə Ərəbistanı beynəlxalq ictimaiyyəti Qəzzaya elektrik enerjisinin bərpası və humanitar yardımların qeyd-şərtsiz təmin olunması üçün təcili tədbirlər görməyə çağırıb.
Hazırda bəzi Qəzza sakinləri günəş panelləri və generatorlardan istifadə edərək elektrik enerjisi istehsal etməyə çalışır. İsrail müharibənin əvvəlində Qəzzaya enerji verilişini tamamilə dayandırmış, yalnız 2024-cü ilin martında qismən bərpa etmişdi.