BAKI,
AzerVoice
Parisdə keçirilən Müdafiə və Təhlükəsizlik Forumu çərçivəsində 37
ölkənin Baş Qərargah rəisləri və nümayəndələri Ukrayna və Avropa
qitəsinin təhlükəsizliyi ilə bağlı müzakirələr aparıblar.
AzerVoice xəbər verir ki, Fransa Baş Qərargahının X hesabında yayımlanan açıqlamada, ölkələrin "Avropa qitəsinin təhlükəsizliyini təmin etmək, Ukraynada sülhə sadiqliyi gücləndirmək və birgə hərbi planlaşdırmanı sürətləndirmək" məsələlərini müzakirə etdiyi bildirilib.
Sammitdə, həmçinin davamlı sülh və uzunmüddətli təhlükəsizliklə bağlı konkret təkliflər təqdim olunub. Görüşün nəticələrinin iştirakçı ölkələrin siyasi rəhbərlikləri ilə paylaşılacağı və gələn həftə əlavə müzakirələr üçün yeni toplantının planlaşdırıldığı vurğulanıb.
Qeyd edək ki, son aylarda Avropanın təhlükəsizlik məsələləri və Ukraynadakı müharibə beynəlxalq müzakirələrin əsas mövzularından birinə çevrilib və bu istiqamətdə diplomatik səylər intensivləşib.