Əsas səhifə » Avstraliyada 100 gün süni ürəklə yaşayan xəstə rekord qırıb

Avstraliyada 100 gün süni ürəklə yaşayan xəstə rekord qırıb

BAKI, AzerVoice

Avstraliyada ürək çatışmazlığı diaqnozu qoyulmuş bir xəstə tam süni ürək transplantasiyası ilə 100 gün sağ qalaraq dünya tibb tarixində mühüm hadisəyə çevrilib.

AzerVoice xəbər verir ki, Sidneydə həyata keçirilən uğurlu əməliyyatdan sonra xəstəyə donor ürəyi köçürülüb və o, tam sağalıb.

Queensland əsilli Dr. Daniel Timms tərəfindən hazırlanan BiVACOR süni ürəyi dünyanın ilk implantasiya edilə bilən fırlanan qan pompasıdır. Maqnit levitasiya texnologiyası ilə işləyən bu cihaz insan ürəyinin təbii qan axınını təqlid edərək xəstənin həyatda qalmasını təmin edib.

BiVACOR ağır ürək çatışmazlığı olan xəstələr üçün donor tapılana qədər "körpü terapiyası" kimi hazırlanıb. Dünyada hər il 23 milyondan çox insan ürək çatışmazlığından əziyyət çəksə də, cəmi 6000 nəfər donor ürəyi tapa bilir. Avstraliya hökuməti bu texnologiyanın inkişafı və kommersiyalaşdırılması üçün 50 milyon dollar dəyərində dəstək proqramına start verib.

Kimliyi açıqlanmayan 40 yaşlı xəstə 2024-cü ilin noyabrında Sidneydəki St Vinsent Xəstəxanasında altı saatlıq əməliyyatla süni ürək transplantasiyası edilib. Daha öncə ABŞ-da bu texnologiya ilə beş xəstə üzərində aparılan sınaqlarda süni ürəklə yaşama müddəti maksimum 27 gün olub. Lakin Avstraliyada bir xəstə bu rekordun önünə keçərək 100 gün süni ürəklə yaşayıb və nəhayət, donor ürək tapıldıqdan sonra mart ayında uğurlu transplantasiya keçirilib.

Əməliyyatı həyata keçirən cərrah Prof. Paul Jansz bu nailiyyəti illərlə üzərində çalışdıqları bir xəyalın reallaşması kimi qiymətləndirib. Prof. Chris Hayward isə BiVACOR-un ürək çatışmazlığının müalicəsində inqilabi rol oynayacağını vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice