BAKI, AzerVoice
ABŞ Prezidenti Donald Tramp Kanadanın 51-ci ştata çevrilməsinin məntiqli olduğunu bildirib.
AzerVoice xəbər verir ki, Tramp
Kanadanın Ontario əyalətinin ABŞ-a satılan elektrik enerjisinə 25
faizlik tarif tətbiq edəcəyi ilə bağlı açıqlamasına sərt reaksiya
verib.
O, Kanadadan idxal edilən polad və alüminium məhsullarına əlavə 25
faiz gömrük rüsumu tətbiq ediləcəyini, ümumi tarif dərəcəsinin 50
faizə çatdırılacağını bəyan edib.
Bundan əlavə, Tramp Kanadanın ABŞ-ın süd məhsullarına 250%-dən 390%-ə qədər tətbiq etdiyi tarifləri dərhal ləğv etməli olduğunu bildirib. O, əks halda, aprelin 2-dən etibarən Kanadadan gətirilən avtomobillərə əlavə rüsumlar tətbiq edəcəyini və ölkədə avtomobil istehsalının dayandırılacağını vurğulayıb.
Kanadanın ABŞ-a qoşulacağı halda gömrük rüsumlarından azad olacağını, hərbi baxımdan daha təhlükəsiz olacağını və sərhəd probleminin ortadan qalxacağını qeyd edən Tramp, "Dünyanın ən böyük və ən güclü dövləti daha da güclənəcək, Kanada isə bu uğurun bir parçası olacaq" - deyə bildirib.
Qeyd edək ki, ABŞ və Kanada arasında tarif gərginliyi son aylarda artıb. Martın 4-dən etibarən ABŞ Kanada və Meksikadan idxal edilən məhsullara 25 faizlik əlavə rüsum tətbiq etməyə başlayıb. Kanadanın Ontario əyaləti buna cavab olaraq ABŞ-a satılan elektrik enerjisinə əlavə tariflər tətbiq edəcəyini açıqlayıb.