Əsas səhifə » Macarıstan Ukraynanı suverenliyinə qarşı hücumda ittiham edib

Macarıstan Ukraynanı suverenliyinə qarşı hücumda ittiham edib

BAKI,AzerVoice

Macarıstanın Xarici İşlər naziri Peter Siyarto Ukrayna Silahlı Qüvvələrinin (USQ) “Drujba” neft kəmərinə etdiyi hücumun ölkəsinin suverenliyinə qarşı bir təhdid olduğunu bildirib.

AzerVoice xəbər verir ki, mövzu ilə əlaqədar olaraq jurnalistlərə açıqlama verən nazir qeyd edib ki, Kiyev tərəfindən həyata keçirilən bu hərəkət “tamamilə qəbuledilməzdir” və beynəlxalq hüquqa ziddir.

Nazirin sözlərinə görə, baş vermiş hadisə səbəbindən neft nəqli dayandırılıb və təmir işlərindən sonra martın 11-i axşam saatlarında təkrar bərpa ediləcəyi gözlənilir.

Hazırda hadisə ilə bağlı texniki qruplar ərazidə təmir işləri aparır və vəziyyət nəzarət altındadır.

Siyarto, məsələ ilə bağlı Rusiya Baş nazirinin müavini Aleksandr Novak ilə telefon danışığı keçirdiyini, yaranmış problemin tezliklə həlli üçün hər iki tərəfin ortaq fəaliyyət göstərdiyini bildirib.

Digər tərəfdən, martın 4-də Çexiyanın sənaye və ticarət naziri Lukaş Vlçek də “Drujba” neft kəməri ilə ölkəsinə neft axınının yenidən dayandırıldığını təsdiqləmişdi. O bildirib ki, hazırda xammal çatışmazlığı təhlükəsi yoxdur və ölkənin kifayət qədər ehtiyatları mövcuddur.

Yerli mətbuatın verdiyi xəbərlərə görə, Ukrayna ilə davam edən gərginlik fonunda Macarıstan rəsmiləri yaxın günlərdə əlavə təhlükəsizlik tədbirləri görəcək. Macarıstan tərəfi hadisə ilə bağlı beynəlxalq təşkilatları məlumatlandıraraq lazımi tədbirlərin görülməsi üçün müraciət edəcəyini açıqlayıb.

Hazırda beynəlxalq ictimaiyyət məsələnin həllinə dair tərəfləri dialoqa çağırır və hadisə ilə bağlı əlavə məlumatların veriləcəyi gözlənilir.

Digər Kateqoriyalar

2025 © Azervoice