Əsas səhifə » İran Trampın məktubu ilə bağlı iddiaları təkzib edir

İran Trampın məktubu ilə bağlı iddiaları təkzib edir

Bakı, AzerVoice

İran Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampdan məktub almadığını bildirib.

AzerVoice xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi Tehranda keçirdiyi mətbuat konfransında ölkəsinin xarici siyasət gündəmi və regional məsələlərlə bağlı açıqlamalar verib.

Trampın İranın ali lideri Ayətullah Əli Xameneiyə məktub göndərdiyi iddiasına cavab olaraq, Bekayi “Bizə heç bir məktub gəlməyib” -deyə bildirib.

Bekayi ABŞ-la mümkün danışıqlar məsələsinə toxunaraq, Vaşinqtonun “danışıq və ya müharibə” yanaşmasının onların səmimi olmadığını göstərdiyini bildirib. O, "Təzyiq altında aparılan müzakirələr mənasızdır. İran heç vaxt belə bir prosesin içində olmayıb və mövqeyimiz dəyişməzdir" ifadələrini işlədib.

O, həmçinin İranın Avropa ölkələri ilə nüvə danışıqlarını davam etdirdiyini və mart ayının sonunda ekspertlər səviyyəsində yeni görüşlər keçiriləcəyini qeyd edib.

Tramp isə martın 7-də “Fox Business Network”ə müsahibəsində Xamneyiyə məktub göndərdiyini açıqlamışdı. Lakin İranın BMT-dəki nümayəndəliyi ABŞ-dan belə bir məktub almadıqlarını bildirib. Daha sonra bir Amerika rəsmisi Trampın məktubu yazdığını, lakin hələ göndərmədiyini iddia edib.

Qeyd edək ki, İran lideri Xamneyi Tramp administrasiyası ilə danışıqları qadağan edib və ABŞ-ı “etibarsız tərəfdaş” adlandırıb. İran rəsmiləri də dəfələrlə təzyiq və təhdid altında heç bir danışıqlara getməyəcəklərini vurğulayıblar.

Digər Kateqoriyalar

2025 © Azervoice