BAKI, AzerVoice
İranın Birləşmiş Millətlərdəki missiyası, Tehran rəhbərliyinin nüvə proqramının hərbi aspektləri ilə bağlı narahatlıqları müzakirə etməyə hazır olduğunu, lakin proqramın tamamilə ləğvinə yönəlmiş hər hansı danışıqları rədd etdiyini açıqlayıb.
AzerVoice xəbər verir ki, bu açıqlama, İranın Ali Lideri Ayətullah Əli Xameneinin ABŞ Prezidenti Donald Trampın müzakirə təklifinə cavab olaraq "zülmkar dövlətlərlə" dialoqu qəbul etmədiyini bildirməsindən sonra gəlib.
İran Prezidenti Məsud Pəzeşkiyan Norveçin Baş naziri Jonas Gahr Store ilə telefon danışığı zamanı ölkəsinin əsas siyasətinin gərginliyi azaltmaq olduğunu vurğulayıb. O, həmçinin İranın "nüvə silahına malik olmaq niyyəti olmadığını və gələcəkdə də olmayacağını" bəyan edib.
İran parlamentinin sədri Məhəmməd Bağir Qalibaf isə Trampın
dialoq çağırışını "siyasi hiylə" adlandıraraq, bunun İranı nüvə
proqramından tamamilə imtina etməyə məcbur etmək məqsədi daşıdığını
bildirib.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Braian Hyuz isə
İranın müzakirələrdən imtina etməsi halında "hərbi variantlar da
daxil olmaqla müxtəlif nəticələrlə qarşılaşa biləcəyini"
bildirib.
Qeyd edək ki, son illərdə İranın nüvə proqramı ilə bağlı ABŞ və Avropa ölkələri ilə gərgin diplomatik proseslər yaşanır. Tehran, nüvə fəaliyyətinin dinc məqsəd daşıdığını bildirir, lakin Vaşinqton və müttəfiqləri İranın nüvə silahı əldə etməyə yaxınlaşdığından narahatdır.