BAKI, AzerVoice
ABŞ-da qızılca epidemiyası sürətlə yayılaraq ölkənin 12 ştatında 222 yoluxma halı qeydə alınıb.
AzerVoice xəbər verir ki, ABŞ
Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC)
epidemiyanın Texas və Nyu-Meksiko başda olmaqla Alyaska,
Kaliforniya, Florida, Corciya, Kentukki, Nyu-Cersi, Nyu-York,
Pensilvaniya, Rhode Island və Vaşinqton ştatlarına yayıldığını
açıqlayıb.
Martın 7-nə olan məlumata görə, Texas 198 yoluxma ilə epidemiyaya
liderlik edir, Nyu-Meksiko isə 10 yoluxma ilə ikinci yerdədir.
CDC Texasda bir uşağın, Nyu-Meksikoda isə bir yetkinin qızılcadan öldüyünü bildirib. Səhiyyə qurumu epidemiyanın yayılmaqda davam etdiyini və yoluxma sayının yaxın günlərdə daha da arta biləcəyini xəbərdarlıq edib.
Açıqlamada, yaz-yay səyahət mövsümünün yaxınlaşdığına diqqət çəkilərək, peyvəndin qızılcanın yayılmasının qarşısını almaqda mühüm rol oynadığı vurğulanıb.
ABŞ Səhiyyə Naziri Robert Kennedi prezident Donald Trampın keçirdiyi kabinet iclasında epidemiyaya dair açıqlama verib. O, Texasda peyvənd olunmayan bir uşağın qızılcadan ölümü ilə bağlı suala, "Bu, qeyri-adi bir vəziyyət deyil, hər il qızılca epidemiyası baş verir", – deyə cavab verib. Kennedinin bu ifadələri ölkədə tənqidlərə səbəb olub, bəzi mütəxəssislər onun epidemiyanı kiçiltməyə çalışdığını bildiriblər.