Əsas səhifə » Biz dialoqa və qarşılıqlı hörmətə inanırıq- Meksika prezidenti

Biz dialoqa və qarşılıqlı hörmətə inanırıq- Meksika prezidenti

BAKI, AzerVoice

Meksika prezidenti Klaudiya Şeynbaum ABŞ-la münasibətlərin qarşılıqlı hörmət və dialoq çərçivəsində inkişaf etməli olduğunu vurğulayıb.

AzerVoice xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Meksikaya tətbiq ediləcək 25%-lik əlavə gömrük rüsumlarını bir aylıq təxirə salmasından sonra Şeynbaum paytaxt Mexikoda, Zokalo meydanında minlərlə insana müraciət edib.

"Biz inanırıq ki, Meksika ilə ABŞ arasındakı münasibətlər yalnız qarşılıqlı hörmət və dialoq yolu ilə möhkəmlənə bilər. Amerika xalqına açıq şəkildə demək istəyirəm ki, biz onlara zərər vermək niyyətində deyilik və heç vaxt olmayacağıq. Əksinə, əməkdaşlığı bütün sahələrdə genişləndirmək əzmindəyik", – deyə Şeynbaum bildirib.

Meksika lideri həmçinin ölkəsinin fentanil kimi təhlükəli maddələrin ABŞ-da yayılmasının qarşısını almaq üçün humanitar əsasda əməkdaşlığı davam etdirdiyini vurğulayıb. "Biz istəyirik ki, bu maddə nə ABŞ-da, nə Meksikada, nə də dünyanın başqa bir yerində gənclərə çatmasın", – o deyib.

Şeynbaum, ABŞ ilə son 30 ildə iki ticarət müqaviləsinin həyata keçirildiyini xatırladaraq, "Biz təkcə Şimali Amerikanın deyil, bütün qitənin iqtisadi və ticarət inteqrasiyasına töhfə vermək istəyirik. Bütün xalqların azadlığına, müstəqilliyinə və suverenliyinə hörmət edərək dünyanın ən güclü bölgələrindən biri olmağı hədəfləyirik", – deyə vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice