Bakı, AzerVoice
ABŞ Prezidenti Donald Tramp administrasiyasının bəzi ölkələrə ABŞ-a səyahət qadağası və ya məhdudiyyətlər tətbiq edəcək yeni bir tənzimləmə üzərində işlədiyi iddia edilir.
AzerVoice-un məlumatına görə, yeni qadağanın Trampın ilk prezidentlik dövründə tətbiq etdiyi səyahət məhdudiyyətlərindən daha geniş əhatəli olacağı bildirilib.
Yeni səyahət qadağasının ABŞ Dövlət Departamenti, Ədliyyə Nazirliyi, Daxili Təhlükəsizlik Nazirliyi və Milli Kəşfiyyat İdarəsi arasında müzakirə edildiyi və son şəklinin verilməkdə olduğu qeyd edilir.
Layihəyə əsasən, ABŞ-ın milli təhlükəsizliyinə təhdid kimi gördüyü bəzi ölkələr qırmızı, narıncı və sarı olmaqla üç kateqoriyaya bölünəcək.
| | Qırmızı kateqoriyada yer alan ölkələrin vətəndaşlarına ABŞ-a giriş tamamilə qadağan ediləcək.
| | Narıncı kateqoriyaya daxil olan ölkələrə müəyyən səyahət məhdudiyyətləri tətbiq ediləcək.
| | Sarı kateqoriyadakı ölkələrə isə "çatışmazlıqlarını" aradan qaldırmaq üçün 60 günlük möhlət veriləcək.
Narıncı və sarı kateqoriyaya düşəcək ölkələrlə bağlı hələlik detallı məlumat paylaşılmasa da, qırmızı kateqoriyada Trampın əvvəlki səyahət qadağasına daxil olan ölkələr – İran, Yəmən, Liviya, Somali, Sudan, Suriya, Şimali Koreya, Kuba və Venesuelanın olacağı, bu siyahıya Əfqanıstan və Pakistanın da əlavə ediləcəyi iddia edilir.
Qeyd edək ki, Donald Tramp, ilk prezidentlik dövründə ABŞ-ı terror hücumlarından qorumaq arqumenti ilə bəzi ölkələrin vətəndaşlarına səyahət qadağası tətbiq etmişdi. Bu qərar böyük siyasi və hüquqi mübahisələrə yol açmışdı.
Tramp, keçən ilin noyabrında keçirilən prezident seçkiləri kampaniyası zamanı, seçkiləri qazandığı təqdirdə əsasən müsəlman əhalinin çoxluq təşkil etdiyi bəzi ölkələrə səyahət qadağasını daha geniş və güclü formada yenidən tətbiq edəcəyini açıqlamışdı.