BAKI,AzerVoice
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Tramp-a, əvvəlki administrasiya tərəfindən dayandırılmış hərbi sursatları İsrailə göndərdiyi üçün təşəkkür edib.
AzerVoice xəbər verir ki, Netanyahu bildirib ki, bu yardımlar İranın "terror oxuna" qarşı “işi bitirməyə” kömək edəcək.
"Donald Trump, Ağ Evdə İsrailin indiyə qədərki ən böyük dostudur", – deyə Netanyahu bildirib.
İsrail lideri buna bənzər açıqlamaları keçən ay ABŞ Dövlət katibi Marko Rubio ilə birlikdə keçirdiyi mətbuat konfransında da səsləndirmişdi. O zaman Netanyahu, ABŞ-ın dəstəyi ilə İsrailin İrana qarşı “işi bitirəcəyini” bəyan etmişdi.
Netanyahu həmin vaxt qeyd etmişdi ki, Qəzza müharibəsi başladıqdan sonra İsrail İranın “terror oxuna” ciddi zərbə vurub. O, Tehranın “müqavimət oxu” adlandırdığı qüvvələri, Livandakı Hizbullahı və Yəməndəki Husiləri nəzərdə tuturdu.
Yanvar ayında Ağ Evə qayıdan Donald Trump, İrana qarşı "maksimum təzyiq" siyasətini bərpa edib. Bu, onun birinci prezidentlik dönəmində tətbiq etdiyi sərt yanaşmanın davamı kimi qiymətləndirilir.
Trump administrasiyası İsrailə hərbi yardımı gücləndirməklə yanaşı, İrana qarşı sanksiyaları sərtləşdirmək və Tehranı iqtisadi və siyasi cəhətdən təcrid etmək strategiyasını yenidən gündəmə gətirib.