BAKI,
AzerVoice
İsrailin Baş naziri Benyamin Netanyahu, HƏMAS ilə atəşkəs
razılaşmasının ikinci mərhələsi üzrə danışıqlara qatılmayacağını
açıqlayıb.
AzerVoice xəbər verir ki, bunun
əvəzinə, İsrail hökuməti ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi
Stiv Vitkoffun birinci mərhələnin uzadılması təklifini qəbul
edib.
Netanyahu Nazirlər Kabinetinin iclasından əvvəl verdiyi bəyanatda razılaşmanın birinci mərhələsinin uzadılmasını istədiklərini və lazım gələrsə, Qəzzaya yenidən hərbi əməliyyatların başlaya biləcəyini bildirib.
O qeyd edib ki, İsrail rəsmiləri ilə keçirilən son görüşdə atəşkəsin Ramazan və Pasxa bayramlarına qədər uzadılmasını nəzərdə tutan çərçivə təklifinə razılıq verilib. Netanyahu əlavə edib ki, əgər danışıqların səmərəsiz olduğu qənaətinə gəlsələr, atəşkəsin ilk mərhələsi başa çatdıqdan sonra hərbi əməliyyatları yenidən başlada bilərlər.
Netanyahu açıqlamasında həmçinin Qəzzaya humanitar yardımların dayandırılacağını bildirib.
Bundan əlavə, HƏMAS-ın atəşkəsin birinci mərhələsinin uzadılması təklifini rədd etdiyini vurğulayan Netanyahu, bu gündən etibarən Qəzzaya mal və materialların girişinin əngəllənəcəyini qeyd edib.
"Əgər HƏMAS öz mövqeyini dəyişməsə və əsirləri azad etməsə, bu məsələdə başqa nəticələr də olacaq" – deyə Netanyahu bəyanatında əlavə edib.
Xatırladaq ki, HƏMAS və İsrail arasında atəşkəs və məhbus mübadiləsi razılaşması yanvarın 19-da qüvvəyə minib. Razılaşmanın ilk mərhələsində İsrail həbsxanalarından 1700-dən çox fələstinli məhbus azad edilib, Qəzzada 25-i sağ, 8-i ölü olmaqla 33 israilli əsir təhvil verilib. Həmçinin beş taylandlı əsir də azad olunub. Razılaşmanın birinci mərhələsi martın 1-də başa çatıb.
Fevralın 3-də atəşkəsin ikinci mərhələsinə dair danışıqlar başlanmalı idi, lakin İsrail mediası Netanyahu hökumətinin bu danışıqların baş tutmasına mane olduğunu bildirib.