BAKI,
AzerVoice
HƏMAS-ın açıqlamasına görə, İsrail ötən həftə məhbus mübadiləsinin
yeddinci turunda sərbəst buraxılmalı olan fələstinli məhbusları
azad etməyə razılaşıb.
AzerVoice xəbər verir ki , eyni
zamanda, İsrailli məhbusların cəsədləri sabah təhvil veriləcək.
HƏMAS sözçüsü Əbdüllətif əl-Qanu bildirib ki, azadlığa buraxılma
prosesi İsrailin öhdəliklərini yerinə yetirməsini təmin edəcək yeni
mexanizm çərçivəsində həyata keçiriləcək. Bu prosesə Misir
vasitəçiləri zəmanət verir.
HƏMAS-ın açıqlamasına görə, təşkilat atəşkəs və məhbus
mübadiləsinin ikinci mərhələsi üçün yeni bir təklif irəli sürməyib,
lakin bu mərhələyə keçməyə və bütün prosesləri tamamlamağa
hazırdır.
Ötən gün HƏMAS Qəzza zolağında saxladığı altı israilli məhbusu azad edib. Bununla belə, İsrail tərəfi təhlükəsizlik məsləhətləşməsindən sonra fələstinli məhbusların azad edilməsini dayandırıb. İsrail Baş naziri Benyamin Netanyahunun ofisindən verilən açıqlamada, İsrailli məhbusların "təhqiredici mərasimlərdə" istifadə edildiyi iddia edilib və bu səbəbdən azad etmə prosesi dayandırılıb.
HƏMAS isə İsrailin məhbus siyahısını dəyişdirməyə çalışdığını və bu addımın razılaşmanın açıq şəkildə pozulması olduğunu bəyan edib. Hərəkat beynəlxalq ictimaiyyəti və vasitəçiləri İsrailə təzyiq göstərməyə çağırıb.
Qeyd edək ki, Yanvarın 19-da qüvvəyə minən HƏMAS-İsrail atəşkəs və məhbus mübadiləsi razılaşması çərçivəsində indiyədək 1135 fələstinli məhbus və Qəzzada saxlanılan 19 israilli və 5 tailandlı məhbus azad edilib.
Bundan əlavə, İsrail fevralın 9-da Netzarim dəhlizindən geri çəkilib və Qəzza ilə Misir arasındakı Rəfah sərhəd keçid məntəqəsi fevralın 1-də xəstələrin və yaralıların təxliyəsi üçün açılıb.