BAKI, AzerVoice
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff, Qəzzada atəşkəsin qorunması ilə bağlı aparılan danışıqlar çərçivəsində bu həftə sonu bölgəyə səfər edə biləcəyini açıqlayıb.
AzerVoice xəbər verir ki , Vitkoff Vaşinqtonda keçirilən Amerika Yəhudi Komitəsinin (AJC) tədbirində çıxış edərkən İsrailin atəşkəs razılaşmasının növbəti addımlarını müzakirə etmək məqsədilə Doha və ya Qahirəyə nümayəndə heyəti göndərəcəyini bildirib.
Belə ki, Vitkoff fevralın 23-də ABŞ mediasına açıqlama verməsinə baxmayaraq, bu gün bölgəyə səfəri gözlənilmir.
Xəbərdə qeyd edilir ki, onun bölgəyə və İsrailə səfər edəcəyi, əsasən də əsir mübadiləsi razılaşmasının davam etdirilməsi, ikinci mərhələyə keçid və fələstinli məhbusların azad olunması kimi məsələlərin müzakirəsi üçün gələcəyi gözlənilsə də, danışıqların tarixi hələ dəqiqləşməyib.
Bundan əlavə, Vitkoff bölgəyə səfər etsə belə, onun İsrailə gedib-getməyəcəyinin hələ müəyyən olunmadığı bildirilir. Fevralın 23-də Vitkoff, Qəzza zolağında atəşkəs razılaşmasının qorunması üçün həftə ərzində bölgəyə gedəcəyini açıqlamışdı.
Qeyd edək ki, HƏMAS və İsrail arasında əldə edilən atəşkəs və məhbus mübadiləsi razılaşması yanvarın 19-da qüvvəyə minib.
Üç mərhələdən ibarət atəşkəs razılaşmasının ilk 42 günlük mərhələsində ümumilikdə 1900-dən çox fələstinli və 33 israilli məhbusun azad ediləcəyi gözlənilir.
İsrail isə, fələstinli məhbusların azad olunmasını dayandırdığını açıqlayıb. Buna səbəb kimi HƏMAS-ın altı israilli məhbusu azad etməsinə baxmayaraq, onlardan İsrail məhbuslarını "aşağılayan mərasimlər və təbliğat" məqsədilə istifadə etməsi göstərilib.