Bakı, AzerVoice
Son iki gündür ki, Sudanın cənubundakı Ağ Nil vilayətində xolera xəstəliyi yayılmağa başlayıb ,onlarla insan həyatını itirib və mindən çox yoluxma halı qeydə alınıb.
AzerVoice xəbər verir ki, bu haqda Vətəndaş cəmiyyəti təşkilatının Sudan Həkimlər Şəbəkəsi məlumat yayıb.
Məlumatda, xolera səbəbindən son iki gündə 83 nəfərin həyatını itirdiyi bildirib. Yoluxma halı isə 1197 nəfərə çatıb.
Xolera xəstəliyinin yayılması səbəbindən Ağ Nil vilayətində səhiyyə vəziyyətinin fəlakət səviyyəsində olduğu vurğulanan bəyanatda, səhiyyə səlahiyyətlilərinə çox sayda mərkəz açmaq, maarifləndirmə kampaniyalarını intensivləşdirmək, bazarları dezinfeksiya etmək və içməli suyun ənənəvi üsullarla paylanmasının qarşısını almaq çağırışı edilib.
800-dən artıq insan, Sudan Səhiyyə Nazirliyinin Ağ Nil vilayətində yerləşən Kosti Təhsil Xəstəxanasındakı xolera müalicə mərkəzində kəskin su ishalı səbəbindən müalicə alır.
Qeyd edək ki, dünən Birləşmiş Millətlər Uşaq Fondu (UNICEF), Ağ Nil vilayətində yüzlərlə xoleraya yoluxma halının qeydə alındığını, bunun uşaqlar və ailələr üçün böyük təhlükə yaratdığını bildirmişdi.
Sudanda iyun ayında başlayan yağışlar və sel hadisələri xolera xəstəliyinin yayılmasına səbəb olmuşdu.
Səhiyyə Nazirliyinin son məlumatlarına görə, ölkə miqyasında 53 min 735 xolera halı qeydə alınıb və 1430 nəfər ölüb.
Müharibənin davam etdiyi Sudanda, səhiyyə sisteminin effektiv işləmədiyi bu dövrdə, xəstəliklərin yayılması insanların həyatını daha da çətinləşdirir.