Əsas səhifə » İsveçrə höküməti PKK-nın ölkələrindəki fəaliyyətini etiraf edib

İsveçrə höküməti PKK-nın ölkələrindəki fəaliyyətini etiraf edib

Bakı, AzerVoice

İsveçrə Federal Hökuməti, İsveçrə Azad Demokrat Partiyasının (FDP) millət vəkili Quattro Jacqueline-in PKK terror təşkilatının ölkədəki varlığı və fəaliyyətləri ilə bağlı narahatlığı səbəbilə ötən ilin dekabrında Federal Parlamentə təqdim etdiyi sualı rəsmi olaraq cavablandırıb.

AzerVoice xəbər verir ki, açıqlamada, PKK-nın İsveçrədə ildə bir neçə dəfə gizli şəkildə təşkil etdiyi düşərgələrin ideoloji xarakter daşıdığı və gəncləri təşkilata cəlb etməyi hədəflədiyi bildirilib.

Açıqlamada bu düşərgələrdə silahlı təlim verilmədiyi, lakin bəzi şəxslərin birbaşa PKK-nın saxta rəhbərlik heyətinə və ya Türkiyə ordusuna qarşı göndərilmək üçün seçildiyi qeyd olunub.

İsveçrə Federal Kəşfiyyat Xidməti, PKK təhlükəsinin İsveçrədə və beynəlxalq səviyyədə məhdudlaşdırılması üçün tədbirlər görüldüyünü qeyd edib.

Açıqlamada, İsveçrə hakimiyyət orqanlarının ölkədəki təlim düşərgələrinin sayı barədə konkret məlumat verə bilmədiyi, bunun da düşərgələrin gizli keçirilməsi və məlumat çatışmazlığı ilə əlaqədar olduğu bildirilib.

Bununla yanaşı, PKK-nın İsveçrədə maliyyə təmin etmək üçün pul topladığı və təbliğat apardığı da vurğulanıb.

Digər tərəfdən, İsveçrə hökuməti, təşkilatın Suriyanın şimal-şərqindəki qondarma muxtar bölgələrinin əsas təmsilçisi olma iddiasına da açıqlamada toxunaraq, Suriyada SDQ və ya YPG adından istifadə edən PKK-nın əslində eyni qurum olduğunu qəbul edib.

Qeyd edək ki, İsveçrə Federal Kəşfiyyat Xidməti ötən ilin noyabr ayında dərc etdiyi "İsveçrənin Təhlükəsizliyi 2024" adlı hesabatında PKK-nın İsveçrədə və başqa ölkələrdə gizli şəkildə pul topladığını, təbliğat apardığını və terror təlim düşərgələri təşkil etdiyini bildirmişdi.

Hesabatda məscidlər və ictimai mərkəzlər kimi Türk qurumlarının PKK-nın potensial hədəfləri arasında olduğu qeyd olunub.

PKK-nın gənclərə terror təşkilatı təbliğatı apardığı bildirilən hesabatda, təşkilatın seçdiyi şəxsləri gələcəkdə Türk ordusuna hücum etmək üçün cəlb etdiyi vurğulanıb.

Digər Kateqoriyalar

2025 © Azervoice