Bakı,AzerVoice
ABŞ prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanının ABŞ-Rusiya
danışıqlarına ev sahibliyi etməsini yüksək qiymətləndirərək,
vəliəhd şahzadə Məhəmməd bin Salmana xüsusi təşəkkür edib.
AzerVoice xəbər verir ki, Tramp Səudiyyə Ərəbistanını “xüsusi liderlərin olduğu xüsusi yer” kimi xarakterizə edib. O, 2017-ci ildə başlanan bu nüfuzlu sammitdə çıxış edən ilk ABŞ prezidenti olmağı “böyük şərəf” adlandırıb.
Tramp, Səudiyyə Ərəbistanında keçirilən ABŞ-Rusiya
danışıqlarının Ukrayna müharibəsinin sona çatması istiqamətində
mühüm addım olduğunu vurğulayıb.
"Bu tarixi sammitə ev sahibliyi etdiyinə görə Səudiyyə
Ərəbistanına, xüsusilə şahzadə Məhəmməd bin Salmana təşəkkür
edirəm. Biz bu müharibəni bitirməliyik. Baş verənlər tam faciədir –
hər iki tərəfdən gənc əsgərlər həlak olur." - deyə bildirib.
Tramp çıxışı zamanı Qəzza ilə bağlı planından danışmaqdan çəkinib. Bu isə Səudiyyə Ərəbistanının fələstinlilərin torpaqlarından didərgin salınmasına qarşı çıxması ilə əlaqələndirilir.
Tramp, Rusiya prezidenti Vladimir Putinlə keçirə biləcəyi mümkün görüş üçün Səudiyyə Ərəbistanını ideal məkan kimi gördüyünü bildirib.
Bu arada Tramp, Ukrayna prezidenti Vladimir Zelenskini tənqid edərək, onun "dəhşətli iş gördüyünü" deyib.
Tramp həmçinin Səudiyyə Ərəbistanının ABŞ-a 600 milyard dollar sərmayə qoyacağını və şahzadə Məhəmməd bin Salmanın "Vizyon 2030" strategiyasının qlobal investorlar üçün böyük fürsət olduğunu qeyd edib.
Tədbirə dünyanın ən varlı amerikalı iş adamları da qatılıb və onlar Səudiyyə Ərəbistanının 925 milyard dollar dəyərindəki dövlət investisiya fondundan pay almağa ümid edirlər. Tramp həmçinin ABŞ-da populyar olan qolf sahəsinə Səudiyyə İnvestisiya Fondundan sərmayə cəlb etmək istədiyini bildirib.