Bakı,AzerVoice
Norveçdə yerləşən İran İnsan Haqları (IHR) və Fransanın Ölüm
Cəzasına Qarşı Alyansı (ECPM) təşkilatlarının hesabatına görə, İran
2024-cü ildə ən azı 975 edam icra edib və bu, son 17 ilin ən yüksək
göstəricisi hesab olunur.
AzerVoice xəbər verir ki, İnsan
haqları qrupları İranın ölüm cəzasından siyasi təzyiq vasitəsi kimi
istifadə etdiyini bildirir.
IHR direktoru Mahmud Amiri-Müqəddam qeyd edib ki, “bu edamlar İran
hökumətinin öz hakimiyyətini qorumaq üçün strategiyasının bir
hissəsidir.” Hesabatda vurğulanıb ki, İran-İsrail arasında
gərginliyin artdığı ilin son üç ayında hər gün orta hesabla beş
nəfər edam edilib.
Ötən illə müqayisədə edamların sayında 17 faiz artım müşahidə olunub. 2023-cü ildə bu rəqəm 834 idi. 2024-cü ildə edam edilənlərdən 31-i qadın olub, dörd nəfər isə ictimaiyyət qarşısında asılıb.
Xatırladaq ki, İran, Çindən sonra dünyada ən çox ölüm hökmü icra edən ikinci ölkə hesab olunur. İnsan haqları təşkilatları xüsusilə 2022-ci ildə Mahsa Aminin ölümü ilə başlayan etirazlardan sonra edamların artdığını bildirir. Onların iddiasına görə, hökumət ictimaiyyət arasında qorxu yaratmaq məqsədilə edamlardan istifadə edir.
Edam edilən şəxslər əsasən qətl, zorlama və narkotik cinayətləri ilə yanaşı, hökumətə qarşı çıxmaqda günahlandırılan şəxslər olub. “Yer üzündə təxribata səbəb olmaq” və “qiyam” kimi qeyri-müəyyən ittihamlarla edam edilənlərin sayında da artım müşahidə olunur.
Qeyd edək ki, 2024-cü ildə həyata keçirilən edamlardan ikisi 2022-ci ilin sentyabrında Mahsa Aminin ölümü ilə başlayan etirazlarla əlaqələndirilib. 23 yaşlı Məhəmməd Qobadlu 2022-ci ildə polis əməkdaşını avtomobillə öldürməkdə ittiham edilərək 2024-cü ilin yanvarında edam edilib. 34 yaşlı Qulamrza Rəsai isə 2022-ci ildə İnqilab Keşikçilərini öldürmək ittihamı ilə avqust ayında gizli şəkildə edam olunub.
İnsan haqları qrupları, İranın ötən il rəsmi rəqəmlərdən daha çox edam icra etdiyinə dair sübutlar olduğunu, lakin bunu tam şəkildə təsdiq edə bilmədiklərini bildirirlər.