Bakı,
AzerVoice
"Övladlarınızın sizə sağ-salamat qayıtmasını istərdik, lakin
ordunuz və hökumət rəhbərləriniz onları geri qaytarmaq əvəzinə
öldürməyi üstün tutdular"
AzerVoice xəbər verir ki, bu sözlərlə
HƏMAS, cəsədlərini təhvil verdiyi israillilərin ailələrinə müraciət
edib.
Hərəkatın bəyanatında HƏMAS və onun hərbi qanadı İzzəddin əl-Qəssam
Briqadalarının israilli məhbusların həyatını qorumağa çalışdığı,
lakin İsrail ordusunun onlara əhəmiyyət vermədiyi vurğulanıb.
HƏMAS, İsrail ordusunun məhbusların saxlandığı yerləri bombaladığını və bunun nəticəsində onların həlak olduğunu iddia edərək, bu hadisələrin məsuliyyətinin "əsir mübadiləsi razılaşmasını dəfələrlə əngəlləyən İsrail hökumətinə" aid olduğunu bəyan edib.
Baş nazir Binyamin Netanyahunun məsuliyyətdən yayınmağa çalışdığı qeyd edilən açıqlamada, "Qəssam Briqadaları və müqavimət qüvvələri məhbusları qorumaq üçün əllərindən gələni etdilər, lakin İsrailin amansız və davamlı hücumları onların həyatını xilas etməyə imkan vermədi" ifadəsi işlədilib.
HƏMAS cəsədləri təhvil verdiyi ailələrə müraciətlə, "Övladlarınızın sağ qayıtmasını istəyirdik, lakin ordunuz və hökumət rəhbərləriniz onları geri qaytarmaq əvəzinə öldürdü. Onlarla birlikdə 17 min 881 fələstinli uşaq da həyatını itirdi. Biz bilirik ki, əsl məsuliyyətin kimdə olduğunu anlayırsınız – siz övladlarınıza əhəmiyyət verməyən rəhbərliyin qurbanı oldunuz" mesajını verib.
Bəyanatın sonunda, Qəzzadakı məhbusları diri qaytarmağın yeganə yolunun əsir mübadiləsi olduğu vurğulanaraq, İsrailin hücumlarını davam etdirməsinin daha çox israilli məhbusun ölümünə səbəb olacağı bildirilib.