Bakı,AzerVoice
Çinin hərbi təzyiqlərini artırdığı bir dövrdə Tayvan öz müdafiə
qabiliyyətini gücləndirmək məqsədilə ABŞ ilə böyük miqyaslı silah
tədarükü barədə danışıqlar aparır.
AzerVoice xəbər verir ki, məlumata
görə, müqavilənin dəyəri 7-10 milyard dollar civarında olacaq və bu
çərçivədə sahil müdafiəsi qanadlı raketləri və HIMARS raket
sistemləri alınacaq. Mənbələr bildirir ki, tədarük 8 milyard
dollardan aşağı olsa, bu, təəccüblü olardı.
Ağ Ev məsələ ilə bağlı rəsmi açıqlama verməkdən çəkinir, lakin ABŞ-ın milli təhlükəsizlik müşaviri Mayk Valts Tayvana silah tədarükünün sürətləndirilməsinin vacibliyini vurğulayıb. Tayvan Müdafiə Nazirliyi isə konkret satınalmalar barədə məlumat verməsə də, ölkənin müdafiəsini gücləndirməyə yönəldiklərini bəyan edib.
Digər tərəfdən, Çin Tayvanı öz ərazisi hesab edir və lazım gələrsə, güc tətbiq etməklə nəzarəti ələ keçirəcəyini bildirir. Tayvan isə Çinin bu iddialarını rədd edərək, adanın gələcəyini yalnız Tayvan xalqının müəyyən edəcəyini bəyan edir.
Tayvan müdafiə strategiyasında əsas diqqəti dəqiq döyüş sursatları, hava hücumundan müdafiə sistemləri, komanda və idarəetmə texnologiyaları, ehtiyat qüvvələr üçün avadanlıqlar və pilotsuz uçuş aparatları kimi sahələrə yönəldir. 2017-2021-ci illərdə Tramp administrasiyası Tayvana müntəzəm olaraq böyük həcmdə silah satışı həyata keçirib. Bu satışlara milyardlarla dollar dəyərində F-16 qırıcı təyyarələri də daxildir. Bayden administrasiyası isə daha məhdud miqyasda satışlarla bu siyasəti davam etdirib.
Tayvan rəsmiləri hesab edirlər ki, Tramp administrasiyası ilə apardıqları danışıqlardan daha ümidverici siqnallar alırlar. Bununla belə, Pekin bu prosesə sərt reaksiya verə bilər və Tayvana qarşı ticarət sanksiyaları tətbiq edə bilər.