Əsas səhifə » DeepSeek-in məlumatları Çinə sızdırdığı təsdiqlənib

DeepSeek-in məlumatları Çinə sızdırdığı təsdiqlənib

Bakı,AzerVoice

Cənubi Koreyanın Şəxsi Məlumatların Mühafizəsi Komissiyası (PIPC) Çində hazırlanmış DeepSeek süni intellekt modelinin Cənubi Koreyalı istifadəçilərin məlumatlarını TikTok-un ana şirkəti olan ByteDance-ə ötürdüyünü təsdiqləyib.

AzerVoice xəbər verir ki, Yonhap agentliyinin verdiyi məlumata görə, PIPC DeepSeek-in istifadəçi məlumatlarını "üçüncü tərəflərə" göndərdiyini müəyyənləşdirib.

Komissiya ByteDance ilə DeepSeek arasında əlaqənin olduğunu sübut etdiklərini, lakin ötürülən məlumatların miqyasını və məzmununu hələ də araşdırdıqlarını bildirib.

Bu məlumat sızmasının ardından Cənubi Koreya DeepSeek-in ölkə daxilində istifadəsinə müvəqqəti qadağa qoyub. Qadağa şəxsi məlumatların qorunması ilə bağlı qanunvericiliyə uyğun tənzimləmələr aparılana qədər qüvvədə qalacaq.

Bundan əlavə, Cənubi Koreyanın Xarici İşlər, Ticarət və Ətraf Mühit nazirlikləri də DeepSeek-in dövlət qurumlarında və rəsmi cihazlarda istifadəsini təhlükəsizlik baxımından tamamilə qadağan edib.

PIPC DeepSeek-in Çində yerləşən qərargahına rəsmi sorğu göndərərək şirkətin məlumat toplama siyasəti ilə bağlı ətraflı məlumat tələb edib.

Qeyd edək ki, DeepSeek, Çindəki High-Flyer Capital Management fondu tərəfindən dəstəklənir və yanvarın 20-də aşağı qiymət və az sayda çipdən istifadə edərək hazırladığı açıq mənbəli DeepSeek-R1 modelini təqdim edib. Model qısa müddət ərzində geniş yayılaraq ChatGPT-ni geridə qoyaraq süni intellekt tətbiqləri arasında ən çox yüklənən proqram halına gəlib.

Digər Kateqoriyalar

2025 © Azervoice