Bakı,
AzerVoice
Ukrayna prezidenti Vladimir Zelenski, sabah Səudiyyə Ərəbistanının
paytaxtı Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri arasında
keçiriləcək görüşə qatılmayacaqlarını və nəticələrini
tanımayacaqlarını açıqlayıb.
AzerVoice xəbər verir ki, Zelenski Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) rəsmi danışıqlar zamanı jurnalistlərə verdiyi açıqlamada, bu görüşdən xəbərsiz olduqlarını və Ukraynanın iştirakı olmadan aparılan istənilən danışıqları nəticəsiz hesab etdiklərini bildirib.
"Ukrayna hesab edir ki, Ukrayna ilə bağlı və Ukraynasız istənilən danışıqlar nəticəsizdir. Biz olmadan bizimlə bağlı heç bir şeyi və ya hər hansı razılaşmaları qəbul edə bilmərik. Biz belə razılaşmaları tanımırıq." – deyə Zelenski vurğulayıb.
Zelenski müharibənin ədalətli sona çatması və ölkəsinin təhlükəsizliyinin təmin olunması üçün müttəfiq ölkələrin qoşunlarının Ukraynaya yerləşdirilməli olduğunu bir daha təkrarlayıb.
BƏƏ-dən sonra Səudiyyə Ərəbistanına gedəcəyini bildirən Zelenski, Ukrayna ilə bağlı istənilən razılaşmanın yalnız birbaşa iştirakları ilə mümkün ola biləcəyini qeyd edib.