Əsas səhifə » İsrail və HƏMAS arasında məhbus mübadiləsi böhranı həll olunur

İsrail və HƏMAS arasında məhbus mübadiləsi böhranı həll olunur

Bakı, AzerVoice

İsrail mediası İsrail və HƏMAS arasında məhbus mübadiləsi razılaşmasında yaranan böhranın həll olunmaq üzrə olduğunu bildirib.

AzerVoice xəbər verir ki, HƏMAS məhbusların azad edilməsini dayandırdığını elan etsə də, tərəflər razılaşmanın davam etdirilməsinə çalışır.

Gözlənilir ki, fevralın 16-da üç israilli məhbus azad ediləcək.

İsrail rəsmiləri bildirir ki, HƏMAS atəşkəs şərtlərinə əməl etməsi üçün vasitəçi ölkələrə təzyiq imkanları yaradıb. HƏMAS-ın hərbi qanadı İzzəddin Əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə atəşkəs öhdəliklərinin yerinə yetirilmədiyi üçün mübadilənin dayandırıldığını açıqlayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp HƏMAS-ı şənbə gününə qədər məhbusları azad etmədiyi təqdirdə "cəhənnəm qapılarının açılacağı" ilə hədələyib. İsrailin baş naziri Benyamin Netanyahu da məhbusların azad edilməyəcəyi halda atəşkəsin ləğv ediləcəyini və şiddətli hücumların başlayacağını bildirib.

İsrailin Kanal 12 televiziyası isə bu gün Qəzzaya beynəlxalq yardımların göndəriləcəyini və məhbus mübadiləsi prosesinin tamamlana biləcəyini qeyd edib.

Digər Kateqoriyalar

2025 © Azervoice