Bakı,
AzerVoice
Şimali Koreya ABŞ prezidenti Donald Trampın Qəzzanı ələ keçirmək və
orada yaşayan fələstinliləri zorla köçürmək planını pisləyib.
AzerVoice xəbər verir ki, Pxenyan administrasiyası Trampın Qəzza planı ilə bağlı açıqlama verib.
Açıqlamada Trampın planının Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsi və beynəlxalq hüququn açıq şəkildə pozulması olduğu vurğulanaraq, "iki dövlətli həll yoluna böyük maneə və Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnu heçə sayan qətiyyən qəbuledilməz bir hərəkət" olaraq xarakterizə edilən bu planın rədd edildiyi qeyd edilib.
"Qəzza zolağında qan və göz yaşı axmağa davam etdiyi, onun kövrək sabitliyinə görə həm ölkə daxilində, həm də xaricdə narahatlıqların artdığı bir vaxtda fələstinlilərin sabit həyat və regionda sülh ümidlərini alt-üst edən bu çirkin bəyanatlar bütün dünyanı şoka salıb". - deyə bəyanatda deyilib.
Tramp administrasiyasının Panama kanalı və Qrenlandiya ilə bağlı açıqlamaları və Meksika körfəzinin adının "Amerika Körfəzi" olaraq dəyişdirilməsi qərarına da toxunulan bəyanatda, "ABŞ anaxronist xəyallarından ayılmalı və digər ölkələrin və xalqların ləyaqət və suverenliyini pozmağa dərhal son qoymalıdır" - deyə bildirilib.
Qeyd edək ki, Fevralın 4-də Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə birgə keçirdiyi mətbuat konfransında Tramp, ABŞ-ın Qəzza zolağına nəzarət edəcəyini və bölgənin sahibi olacağını bildirib. Qəzzanın tamamilə dağıldığını qeyd edən Tramp, fələstinlilərin qonşu ölkələrdə, xüsusilə Misir və İordaniyada inşa ediləcək yeni yaşayış məntəqələrinə köçməsinin daha uyğun olacağını müdafiə edib.