Əsas səhifə » Netanyahu məhbus mübadiləsi prosesinə zərər verib - İsrail müxalifət lideri

Netanyahu məhbus mübadiləsi prosesinə zərər verib - İsrail müxalifət lideri

Bakı, AzerVoice

İsrailin ana müxalifət partiyası “Gələcək”in lideri Yair Lapid, baş nazir Benyamin Netanyahunun məhbus mübadiləsi prosesinə zərər verdiyini bildirib.

AzerVoice xəbər verir ki, Lapid sosial media hesabında paylaşdığı açıqlamada əsir mübadiləsi və atəşkəs prosesindəki son hadisələrə toxunaraq, İsrail hökumətinin bütün məhbusları geri qaytarmasının prioritet olması gərəkdiyini vurğulayıb.

O, Netanyahunun məhbus mübadiləsini gecikdirdiyini və prosesi zədələdiyini qeyd edərək, baş nazirin atəşkəs razılaşmasının ikinci mərhələsinə keçəcəyi halda koalisiya hökumətini devirməklə hədələyən ifrat sağçı maliyyə naziri Bezalel Smotriçdən çəkinməməli olduğunu bildirib. Lapid həmçinin partiyasının, Smotriç geri çəkiləcəyi təqdirdə, Netanyahu hökumətini etimad səsverməsində dəstəkləməyə hazır olduğunu bir daha bəyan edib.

Digər tərəfdən, HƏMAS-ın hərbi qanadı İzzəddin Əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeydə fevralın 15-də baş tutmalı olan məhbus mübadiləsinin İsrailin atəşkəs razılaşmasındakı öhdəliklərini yerinə yetirməməsi səbəbindən dayandırıldığını açıqlayıb.

HƏMAS-ın açıqlamasında bildirilir ki, bu qərar mübadilədən 5 gün əvvəl vasitəçi ölkələrə İsrailə təzyiq göstərmək üçün vaxt tanımaq məqsədilə elan edilib.

Benyamin Netanyahu isə açıqlamasında HƏMAS-a ultimatum verərək, “HƏMAS şənbə günü günortaya qədər məhbuslarımızı azad etməsə, atəşkəs sona çatacaq və İsrail şiddətli hücumlarını bərpa edəcək. Bu, HƏMAS məğlub olana qədər davam edəcək”, – deyə vurğulayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice