Bakı,
AzerVoice
İspaniya, Qəzzaya çatdırılmaq üçün Madriddən İordaniyanın paytaxtı
Əmmana sağlamlıq və sığınacaq ləvazimatlarından ibarət 12 ton
humanitar yardım göndərib.
AzerVoice xəbər verir ki, İspaniyanın
xarici işlər naziri Xose Manuel Albares Madriddəki Barajas hava
limanında verdiyi açıqlamada, Qəzzadakı ağır humanitar vəziyyəti
yüngülləşdirmək məqsədilə 60 paletdə toplanmış yardımın
İordaniyadakı İspan Qırmızı Xaç qruplarına çatdırılacağını
bildirib.
O vurğulayıb ki, bu yardımlar 3000 nəfərə dəstək olacaq və İspaniya
humanitar yardımlara davam edəcək.
Albares, ABŞ-ın keçmiş prezidenti Donald Trampın Qəzzanı ələ keçirmə və fələstinliləri zorla köçürmə planına münasibət bildirərək, “Qəzza, Qəzza xalqına məxsusdur. Bizim göndərdiyimiz humanitar yardım onların həyatını qorumaq və yenidən qurmaq üçündür.” - deyə cavab verib.
Nazir, Qəzzadakı humanitar böhranın aradan qaldırılmasının prioritet olduğunu və gələcəkdə bölgənin bərpası üçün Qəzzalı fələstinlilərlə əməkdaşlıq edilməsinin vacibliyini vurğulayıb. O, iki dövlətli həll yolunun həyata keçirilməsinin və İsrail ilə yanaşı, real və dayanıqlı bir Fələstin dövlətinin qurulmasının vacibliyini qeyd edib.
Albares, həmçinin Trampın Avropa İttifaqına polad və alüminiuma əlavə gömrük rüsumları tətbiq etmək planı ilə bağlı açıqlamalarına toxunaraq, ABŞ və Aİ-nin güclü iqtisadi tərəfdaş olduğunu və bu ticarət əlaqələrinin davam etdirilməsinin hər iki tərəf üçün vacib olduğunu bildirib. Bununla yanaşı, Aİ-nin öz maraqlarını qorumaq üçün hər cür addıma hazır olduğunu vurğulayıb.