Bakı,
AzerVoice
İtaliya Müdafiə Naziri Guido Crosettonun adından və səsindən
istifadə edərək ölkənin nüfuzlu iş adamlarını hədəf alan
fırıldaqçılıq cəhdi baş verib.
AzerVoice xəbər verir ki, "La
Repubblica" qəzetinin məlumatına görə, təxminən 10 iş adamı süni
intellekt vasitəsilə nazir Crosetto-nun səsini təqlid edən
fırıldaqçılar tərəfindən hədəf alınıb.
Dələduzlar Crosetto-nun səsini süni intellektlə təqlid edərək iş
adamlarına zənglər ediblər. Bir generalın Müdafiə Nazirliyinin
rəsmi telefonundan zəng vurduğu və daha sonra zəngi nazirə
yönləndirdiyi təəssüratı yaradılıb. Danışıqlarda İran və Suriya
kimi ölkələrdə girov götürülən italyan jurnalistlərin azad edilməsi
üçün təcili fidyə ödənilməli olduğu bildirilib.
İtaliya mediasında yayılan xəbərlərə görə, fırıldaqçılar 2024-cü
ilin dekabrında İranda saxlanılan və 2025-ci ilin yanvarında
ölkəsinə qayıdan italyan jurnalist Sesilia Salanın işi ilə bağlı iş
adamlarını inandırmağa çalışıblar.
Hədəfə alınan şəxslər arasında Diego Della Valle (moda və nəqliyyat sektorunda sərmayədar), Giorgio Armani (məşhur Armani markasının sahibi) , Patrizio Bertelli (Pradanın baş direktoru) , Massimo Moratti ("İnter" klubunun keçmiş prezidenti, enerji sektorunda aktiv iş adamı) və başqa tanınmış şəsxlər də olub.
Xəbərlərə görə, Moratti artıq iki ödəniş həyata keçirib və ümumilikdə fırıldaqçılara təxminən 1 milyon avro göndərib.
Moratti fırıldaq sxeminin inandırıcılığını vurğulayaraq "Bu, o qədər real görünürdü ki, hər kəsin başına gələ bilər" - deyə bildirib.
Müdafiə naziri Guido Crosetto məsələ ilə bağlı prokurorluğa rəsmi şikayət təqdim edəcəyini bildirib. O, sosial media hesablarında onun adından istifadə edilərək edilən saxtakarlıqlara qarşı xəbərdarlıq edib.
Milan Baş Prokurorluğu məsələ ilə bağlı səriştəli dələduzluq ittihamı ilə araşdırmaya başlayıb. İstintaq çərçivəsində Morattinin göndərdiyi pulun hərəkət trayektoriyası izlənilir və bu vəsaitlərin vergi cənnəti hesab edilən ölkələrdən birinə köçürülmüş ola biləcəyi ehtimal edilir.