Bakı,
AzerVoice
H5N1 quş qripi epidemiyası Miçiqan gölünün sahillərində geniş
yayılaraq yüzlərlə ördəyin ölümünə səbəb olub.
AzerVoice xəbər verir ki, yerli
səhiyyə işçiləri və quş mühafizə təşkilatları vəziyyətin
ciddiliyini vurğulayaraq xəbərdarlıq ediblər.
Quş mühafizə təşkilatı Chicago Bird Collision Monitors (CBCM) bildirib ki, son günlər Hyde Parkdan Wilmette-ə qədər olan ərazilərdə çox sayda xəstə və ya ölü ördək aşkar edilib.
Mütəxəssislər quş qripinin digər quş növlərinə, o cümlədən şahin, bayquş və qarğalara da yayılacağından narahatdırlar. Ölü quşlarla təmasda olan qağayıların da virusa yoluxma riski yüksəkdir.
Linkoln Parkı Zooparkı H5N1 səbəbilə bir flaminqo və liman suitisinin öldüyünü açıqlayıb. Bununla əlaqədar olaraq, zoopark tədbir olaraq quş evini müvəqqəti bağlayıb.
Quş qripi təkcə vəhşi quşlara deyil, eyni zamanda fermer təsərrüfatlarına da ciddi zərər vurub. ABŞ-da 150 milyondan çox toyuq və hinduşka bu virusdan təsirlənib.
Mütəxəssislər bildirirlər ki, soyuq havalar virusun yayılmasını artırır, lakin yazın gəlişi ilə təhlükənin azalacağı gözlənilir.