Bakı,AzerVoice
Çin hökuməti ABŞ prezidenti Donald Trampın Çin məhsullarına tətbiq
etdiyi əlavə gömrük rüsumları ilə bağlı Ümumdünya Ticarət
Təşkilatına (ÜTT) rəsmi şikayət ünvanlayıb.
AzerVoice xəbər verir ki, Çin Ticarət Nazirliyi bildirib ki, ABŞ-ın birtərəfli tarif qərarı ÜTT-nin ticarət qaydalarına ziddir və bu məsələ təşkilatın mübahisə mexanizmi çərçivəsində həll edilməlidir.
Belə ki, Fevralın 1-də ABŞ prezidenti Donald Tramp Çindən idxal edilən məhsullara 10%, Kanada və Meksikadan idxala isə 25% əlavə rüsum tətbiq edən sərəncam imzalayıb. Ağ Ev bu addımı Çinin fentanil və onun prekursor kimyəvi maddələrinin ABŞ-a qanunsuz ixracına nəzarət etməməsi ilə əlaqələndirib.
Bəyanatda həmçinin Çinin intellektual mülkiyyət oğurluğu, məcburi texnologiya transferi və qeyri-qanuni immiqrasiya kimi fəaliyyətləri səbəbindən tarif artımının tətbiq edildiyi bildirilib.
Kanada və Meksikaya sərhəd nəzarətini gücləndirməsi müqabilində tariflərin bir aylıq təxirə salına biləcəyi açıqlansa da, Çin üçün belə bir imkan nəzərdə tutulmayıb.
Pekin administrasiyası ABŞ-dan idxal edilən xam neft, kənd təsərrüfatı avadanlıqları, yüksək tullantı buraxan avtomobillər və pikaplar üçün 10%, kömür və təbii qaz idxalına isə 15% əlavə gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb. Həmçinin, bəzi kritik minerallara ixrac nəzarətinin tətbiq ediləcəyi bildirilib.
Çin hökuməti ABŞ-ın texnologiya nəhəngi Google-a qarşı antiinhisar araşdırması başlatdığını açıqlayıb. Bundan əlavə, ABŞ-ın hazır geyim şirkəti PHV və biotexnologiya firması Illumina, Çin şirkətlərinə qarşı ayrı-seçkilik tətbiq etdikləri üçün “etibarsız qurumlar” siyahısına daxil edilib.